Torpağın altındakı təhlükə – Adi danadişi
-
10-07-2025
-
Комментарии
Adi danadişi — torpaqaltı həyat tərzi keçirən, kənd təsərrüfatı bitkiləri üçün təhlükəli olan zərərverici həşəratdır.
Yetkin fərdlərin uzunluğu 5 sm-ə qədər olub, açıq qəhvəyi rəngdədir. Onlar torpaqda tunel qazmaq üçün uyğunlaşmış, güclü, qısa və kürəyə bənzər ön ayaqları ilə asanlıqla tanınır. Qanad üstləri bədənin yalnız yarısını əhatə edir. Həşərat əsasən torpaqda yaşayır və həyat dövrü təxminən 2 il davam edir.
Yetişməsi yazın əvvəlində bir gecədə baş verir. Dişi fərd torpaqda 10 sm dərinlikdə gil qabıqlı, içi hamar, toyuq yumurtası ölçüsündə xüsusi yuvada 200–300 yumurta qoyur.
Danadişi Azərbaycanın bütün rayonlarında geniş yayılmışdır. Tərəvəz, bostan, bağ, çay, sitrus, texniki və taxıl bitkilərinə ziyan vurur. Xüsusilə cavan bitkilər və şitillər üçün təhlükəlidir.
Sürfələr iyun ayının sonunda çıxır və əvvəlcə dişi ilə birgə yaşayır, sonra isə torpaqda ayrı-ayrılıqda tunellər qazaraq, kiçik torpaqaltı həşəratlar və bitki kökləri ilə qidalanırlar. Yetkin fərdlər torpaqda qışlayır və növbəti yaz yeni nəsil verir. Bəzən yay gecələrində böyüklər səthə çıxaraq digər sahələrə kütləvi şəkildə uçuşlar edirlər.
Aqrotexniki və qabaqlayıcı tədbirlər aşağıdakılardır:
Torpaqda dərin dondurma şumu aparılır və kultivasiya edilir ki, danadişinin yuvaları dağıdılsın;
Mexaniki yolla toplanaraq məhv edilir;
Yaz aylarında sahələrdə kiçik peyin komaları düzəldilir. Həşəratlar bu komalara toplanır və yumurta qoyduqdan 1 ay sonra komalar dağıdılır, həşəratlar kimyəvi vasitələrlə məhv edilir;
Danadişi yuvalarına əvvəlcə 1 çay qaşığı bitki yağı, sonra isə su və 10 qram təsərrüfat sabunu qarışığından ibarət maye tökülür. Yağ suyun üzərində qat əmələ gətirdiyi üçün zərərverici boğularaq məhv olur.