Ссылки

Связаться с нами

close

Torpaq analizi nə üçün vacibdir?

Torpaq analizi nə üçün vacibdir?

  • 15-11-2024

  • Комментарии

Torpaq analizi əkinçilik və bağçılıq üçün çox vacibdir, torpaqda aparılan analizlər torpağın sağlamlığı və məhsuldarlığı haqqında məlumat verir. Bu analizlər sayəsində bitkilərin sağlamlığına və inkişafına təsir edən müxtəlif xəstəliklər və patogenlər haqqında, həmçinin torpağın tərkibi, pH səviyyəsi, mineral və qida maddələri ilə bağlı dəqiq məlumatlar əldə edilir. Torpaq analizi torpağın kimyəvi, fiziki və bioloji xüsusiyyətlərini qiymətləndirməyə kömək edir. Torpaq analizi ilə torpaqda mövcud olan qida maddələrinin miqdarı və növü müəyyən olunur. Bu məlumatlar əsasında torpağa hansı tip gübrələrin və digər qida maddələrinin hansı miqdarda əlavə olunmasını müəyyənləşdirmək olur. Düzgün formada seçilmiş gübrə nəticəsində bitkilər daha sağlam və məhsuldar olur, həmçinin torpaqda qida maddələrinin miqdarı düzgün müəyyən edilərsə, o zaman daha az gübrə ilə daha yüksək məhsul əldə etmək mümkündür. Bu da həm torpağın məhsuldarlığını artırır, həm də gübrə sərfiyyatını azaldır, beləliklə maliyyətlərə qənaət edilir. Torpaq analizi vasitəsilə torpağın pH səviyyəsini müəyyən etmək mümkündür. Hər bitkinin öz pH tələbi var və əgər torpaq çox turşu və ya çox qələvi olarsa bitkilərin qidalanması çətinləşər. Torpaq analizi ətraf mühitin qorunması üçün də vacibdir. Məsələn, çox yüksək miqdarda gübrə istifadə edildikdə bu maddələr yeraltı sulara qarışaraq su çirklənməsinə səbəb ola bilər. Torpaq analizi vasitəsilə gübrə istifadəsinin optimallaşdırılması ekosistemə daha az təsir edir. Bununla yanaşı, torpaqda bəzi zərərli maddələr və ya toksinlər (məsələn, ağır metallar, pestisidlər, toksik kimyəvi maddələr), zərərli orqanizmlər ola bilər. Bu, bitkilərin inkişafına və məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Torpaq analizləri sayəsində bu cür zərərli maddələr, torpaqda gizlənmiş xəstəliklər və patogenlər aşkar edilir və erkən mərhələdə xəstəliklərin qarşısını almağa və ya onlarla mübarizə aparmağa imkan verir, nəticədə daha az məhsul itkisi üçün gec olmadan müvafiq tədbirlər görülə bilər.  Torpaq analizi əkin sahəsinin məhsuldarlığını artırmaq üçün də çox vacibdir. Torpaqda olan qida maddələri, onun su saxlama qabiliyyəti və hava dövranı kimi amillər məhsulun miqdarına və keyfiyyətinə birbaşa təsir edir. Analiz nəticələri əsasında düzgün tədbirlər aparılarsa, məhsul daha sağlam və bol olar. Torpaq analizləri kənd təsərrüfatının davamlılığını təmin etməyə kömək edir. Torpağın düzgün idarə edilməsi və təbii qaynaqların qorunması üçün analizin aparılması vacibdir. Əkin sahəsinin uzunmüddətli sağlamlığı və məhsuldarlığının davam etdirilməsi üçün torpağın vəziyyəti mütəmadi olaraq yoxlanılmalıdır. Torpaqda müxtəlif xəstəliklər, o cümlədən göbələk və bakteriyalar bitkiləri zədələyir və məhsuldarlığı azaldır. Torpağın analiz edilməsi bu xəstəliklərin hansı patogenlər tərəfindən törədildiyini müəyyən etməyə və effektiv mübarizə metodları seçməyə kömək edir. Xəstəliklər torpaqda və bitkilərdə yayıldıqda məhsul itkiləri baş verir.



Agrolab © 2024 Все права защищены.