Agrolab

Bizimlə əlaqə

close

Bitki qidalanmasında antaqonizm və sinerjizm

Bitki qidalanmasında antaqonizm və sinerjizm

  • 06-08-2026

  • Şərhlər

Kənd təsərrüfatı bitkilərinin qidalanmasında yalnız tətbiq olunan gübrələrin miqdarı deyil, qida elementlərinin bir-biri ilə qarşılıqlı təsiri də mühüm əhəmiyyət daşıyır. Qida elementləri arasında yaranan bu qarşılıqlı əlaqələr bitkilərin qida maddələrini mənimsəmə səviyyəsinə, inkişafına və məhsuldarlığına birbaşa təsir göstərir. Bu əlaqələr əsasən sinerjizm və antaqonizm kimi iki formada özünü göstərir.

Sinerjizm qida elementlərinin və ya aqrokimyəvi preparatların bir-birinin təsirini gücləndirməsi nəticəsində yaranan müsbət qarşılıqlı təsirdir. Belə hallarda elementlərin birlikdə tətbiqi onların ayrı-ayrılıqda istifadəsi ilə müqayisədə daha yüksək səmərəlilik təmin edir. Sinerjizm nəticəsində bitkilər qida maddələrini daha effektiv mənimsəyir, vegetativ və generativ inkişaf sürətlənir, əlverişsiz mühit amillərinə davamlılıq artır və gübrələrin istifadəsindən əldə olunan nəticə yüksəlir.

Sinerjizmin ən geniş yayılmış nümunələrindən biri azot və kükürd arasındakı qarşılıqlı əlaqədir. Torpaqda və ya qidalanma sistemində kifayət qədər kükürd olduqda, bitki azotdan daha səmərəli istifadə edir, zülal sintezi güclənir, yaşıl kütlənin inkişafı sürətlənir və məhsuldarlıq artır. Eyni zamanda maqnezium fosforun mənimsənilməsini yaxşılaşdırır, bor isə şəkərlərin bitki daxilində daşınmasını və generativ orqanların normal inkişafını dəstəkləyir.

Antaqonizm isə bir qida elementinin digər elementin mənimsənilməsini zəiflətməsi və ya məhdudlaşdırması ilə xarakterizə olunan mənfi qarşılıqlı təsirdir. Bu vəziyyət əsasən gübrələrin normadan artıq tətbiqi, qida elementləri arasında balansın pozulması və ya torpağın kimyəvi xüsusiyyətlərinin dəyişməsi nəticəsində yaranır. Belə hallarda torpaqda qida elementi kifayət qədər olsa belə, bitki onu effektiv şəkildə mənimsəyə bilmir və nəticədə çatışmazlıq əlamətləri meydana çıxır.

Antaqonizmin geniş yayılmış nümunələrindən biri kaliumun həddindən artıq olması nəticəsində maqnezium və kalsiumun mənimsənilməsinin zəifləməsidir. Eyni zamanda fosforun normadan artıq tətbiqi sink, dəmir və misin bitki tərəfindən qəbulunu məhdudlaşdıra bilər. Ammonium formasında azotun yüksək miqdarı kalsiumun mənimsənilməsini azaldır, torpaqda kalsiumun həddindən artıq olması isə borun bitki üçün əlçatanlığını aşağı salır.

Qida elementləri arasındakı bu qarşılıqlı təsirlər xüsusilə intensiv əkinçilik şəraitində, yüksək norma ilə mineral və yarpaq gübrələrinin tətbiq olunduğu təsərrüfatlarda daha qabarıq şəkildə müşahidə edilir. Buna görə də qidalanma proqramı hazırlanarkən becərilən bitkinin bioloji xüsusiyyətləri, inkişaf mərhələsi, torpaq analizlərinin nəticələri və qida elementləri arasındakı uyğunluq mütləq nəzərə alınmalıdır.

Makro və mikroelementlər arasında düzgün balansın təmin edilməsi sinerjizm effektindən maksimum faydalanmağa, antaqonizmin mənfi təsirlərini isə minimuma endirməyə imkan verir. Nəticədə bitkilər qida maddələrini daha səmərəli mənimsəyir, güclü kök sistemi formalaşdırır, stres amillərinə qarşı davamlılığı artır və yüksək məhsuldarlıq potensialını daha dolğun şəkildə reallaşdırır.




Gülnarə Abbasova  - Aqronom konsultant



Agrolab © 2024 Bütün hüquqlar qorunur.