Agrolab

Bizimlə əlaqə

close

Bitkidə şişlər və onların fərqləri

Bitkidə şişlər və onların fərqləri

  • 05-12-2021

  • Şərhlər

Bitkilərin hər hansı bir orqanındakı anormal şəkildə bölünən hüceyrələrə və onların çoxalması nəticəsində meydana gələn böyümələrə şiş adı verilmişdir. Şişlərin yaranmasına qurdlar (nematodlar), həşəratlar, gənələr həmçinin bakteriyalar, göbələklər  ya da viruslar səbəb ola bilər. Məsələn, Nematodlar yumurta qoyaraq, həşəratlar tüpürcək və ya müxtəlif maddələr ifrazat edərək  şişlərə səbəb olur. Şişlər, göstərdikləri xarakterik özəlliklərinə görə fır (gall) ya da törəmələrə (xərçəng) ayırmaq olar. 

  • Bəzi törədicilərin ifraz etdikləri maddələr  hüceyrələrdə sürətli bölünməyə təşviq edərək fır əmələ gətirir.  Fırlarda böyümə məhduddur yəni bu şişə səbəb olan törədici (həşərat, nematod və s.) bitkidən kənarlaşdırıldıqda böyümə dayanır. 
  • Xərçəngdə  isə böyümə məhdudiyyətsizdir və törədici məhv edildikdən sonra belə şişlərin böyüməsi dayanmır.
 
Şişlər bitkinin müxtəlif orqanlarında yarpaqlarda, köklərdə, gövdədə, kök boğazında, tumurcuqlarda və s. ola bilər. Bəzi şişlərin bir birindən fərqləndirən cəhətlərini nəzərdən keçirək:
 
1. Həşərat və  gənələrin hesabına əmələ gələn şişlər. Bitkinin böyüməsini tənzimləyən güclü kimyəvi maddələrin qıcıqlanmasının nəticəsində əmələ gəlir. Hər həşərat və ya gənə özünəməxsus fır əmələ gətirir. Çox vaxt belə fırlar bitkiyə ciddi ziyan vurmur yalnız vizual görüntünü pozur.
2. Göbələk mənşəli şişləri. Bir neçə fərqli göbələk yarpaq və tumurcuqların böyüməsinə və ya qalınlaşmasına səbəb olur. Bitkinin sirayətlənmiş hissələri normaldan bir neçə dəfə artıq  böyüyür, əsasən rəngsizləşir və şirəli olur. Bəzi yarpaq və ya zoğ fırları zaman getdikcə qəhvəyi və sərt olur. Lakin belə fırlar nadir hallarda bitkilər üçün ciddi zərər vurur.
3. Bakterial mənşəli törəmələr (xərçəng). Bu tip törəmələrə ağaclarda kök xərçəngini, kartof xərçəngi, çuğundur vərəmi və s. misal göstərmək olar.
Torpaqda yayılmış Agrobacterium tumefaciens bakteriyası bitkidə xərçəng  xəstəliyinə səbəb olur. Zədələnmiş kök və gövdədən daxil olan bu törədici bitkidə müxtəlif ölçüdə törəmələrə səbəb olur. Bu bakteriya bir çox növ bitkini yoluxdurur. Törəmələr ağaclarda suyun və qida maddələrinin axınını pozur, bitkinin böyüməsini zəiflədir və ləngidir. Belə törəmələrin daxili əvvəlcə qaralmış, çürümüş zaman keçdikcə isə oduncaqlaşmış bərk olur.
Göbələk mənşəli xərçəng xəstəliklərində zədələnmiş yerlərdə meyvə cismi, stromalar əmələ gəlir. Vərəm mənşəli şişlər, daxilində boşluqlar və onların içərisində törədici bakteriyalar ( məsələn, çuğundur vərəmi - törədicisi Xanthomonas beticola)  ilə dolu olması ilə fərqlənir.
4.  Nematod mənşəli şişlər. Bəzi nematodların qidalanması, çoxalması və s.  nəticəsində bitkinin kökündə müxtəlif böyüklükdə , formada və rəngdə fırlar əmələ gəlir. Belə bitkidə fizioloji proseslər pozulur, onun böyümə və inkişafı zəifləyir. Şiddətli yoluxma zamanı bitki tamamilə məhv olur. 
 
Bitkidə elə şişlər də ola bilər ki, onlar heç bir patoloji xarakter daşımır. Məsələn, kartoflarda "yalançı xərçəng" və ya "balalama". Bu şişlər kartofun müxtəlif funksional pozğunluqları ilə əlaqədardır və ilk növbədə mövsüm ərzində artan yağışın qeyri -bərabər paylanmasının nəticəsidir. Bəzən çox erkən yazda, soyuq və rütubətli torpaqda kartof yumrularını əkdikdə, normal cücərtilər inkişaf etmir,  kiçik şişlər  əmələ gəlməyə başlayır. 


Agrolab © 2024 Bütün hüquqlar qorunur.