Agrolab

Bizimlə əlaqə

close

Adi danadişinin aşkarlanması və mübarizə tədbirləri

Adi danadişinin aşkarlanması və mübarizə tədbirləri

  • 01-07-2026

  • Şərhlər

Adi danadişi — torpaqaltı həyat tərzi keçirən və kənd təsərrüfatı bitkiləri üçün təhlükə yaradan zərərverici həşəratdır.

 

Yetkin fərdlərin uzunluğu 5 sm-ə qədər olur və açıq qəhvəyi rəngə malikdir. Onlar torpaqda tunel qazmağa uyğunlaşmış, güclü, qısa və kürəyə bənzər ön ayaqları ilə asanlıqla tanınırlar. Qanadüstü örtükləri bədənin yalnız yarısını əhatə edir. Həşərat əsasən torpaqda yaşayır və onun həyat dövrü təxminən 2 il davam edir.

 

Yetkinləşmə prosesi yazın əvvəlində, adətən bir gecə ərzində baş verir. Dişi fərd torpağın təxminən 10 sm dərinliyində, gil qabıqlı, içərisi hamar və toyuq yumurtası ölçüsündə olan xüsusi yuvada 200–300 ədəd yumurta qoyur.

 

Danadişi Azərbaycanın bütün rayonlarında geniş yayılmışdır. O, tərəvəz, bostan, bağ, çay, sitrus, texniki və taxıl bitkilərinə ziyan vurur. Xüsusilə cavan bitkilər və şitillər üçün təhlükəli hesab olunur.

 

Sürfələr iyun ayının sonunda yumurtadan çıxır və ilkin mərhələdə dişi fərdlə birlikdə yaşayırlar. Sonradan isə torpaqda ayrı-ayrılıqda tunellər qazaraq, kiçik torpaqaltı həşəratlar və bitki kökləri ilə qidalanırlar. Yetkin fərdlər torpaqda qışlayır və növbəti yaz mövsümündə yeni nəsil əmələ gətirirlər. Bəzi hallarda yay gecələrində yetkin fərdlər torpaq səthinə çıxaraq digər sahələrə kütləvi uçuşlar həyata keçirirlər.

 

Aqrotexniki və qabaqlayıcı tədbirlər aşağıdakılardır:

• Danadişinin yuvalarının dağıdılması məqsədilə torpaqda dərin dondurma şumu aparılır və kultivasiya işləri həyata keçirilir;

• Zərərvericilər mexaniki üsulla toplanaraq məhv edilir;

• Yaz aylarında sahələrdə kiçik peyin komaları hazırlanır. Həşəratlar bu komalara toplaşdıqdan və yumurta qoyduqdan təxminən 1 ay sonra komalar dağıdılır, zərərvericilər isə kimyəvi vasitələrlə məhv edilir;

• Danadişinin yuvalarına əvvəlcə 1 çay qaşığı bitki yağı, daha sonra isə su və 10 qram təsərrüfat sabununun qarışığından ibarət məhlul tökülür. Yağın suyun səthində qat əmələ gətirməsi nəticəsində zərərverici boğularaq məhv olur.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.