Agrolab

Bizimlə əlaqə

close

Hommoz necə əmələ gəlir?

Hommoz necə əmələ gəlir?

  • 09-04-2024

  • Şərhlər

Hommoz və ya kitrə axını - tamamilə mürəkkəb bir xəstəlik olmaqla parazit və qeyri-parazit tipləri vardır. Qeyri-parazit hommozun əmələ gəlməsində tinglərin dərin basdırılması, ağacın həddən artıq meyvələrlə yüklənməsi, torpaqda yüksək rütubət, azotlu gübrələrinin normadan artıq verilməsi, qabığın günəş şüaları və ya şaxta nəticəsində yanması, gövdənin və ya budaqların mexaniki zədələnmələri və abiotik amillər rol oynayır. Həmçinin kalsium çatışmazlığından da bitkilərdə kitrə axımı başlayır.
Sitruslarda kitrə axınının əlamətləri kök boğazında, anac (məhsul verən) və cavan budaqlarda, az hallarda isə kök və meyvələrdə müşahidə edilir. Əvvəlcə qabıqda zəif şişlər əmələ gəlir, partlayır və həmin hissədən qızılı-sarı rəngdə kitrə axır. Kitrə axan yerlərdə qabıq qəhvəyi rəng alır, çatlayır və qatlara ayrılır.
Xəstəlik qışı sərt keçirmiş və müxtəlif göbələk xəstəliklərinə yoluxmuş ağaclarda özünü daha çox göstərir. Bu xəstəlikdən ən çox zərər görən yüksək rütubətli torpaqlarda əkilən və yüksək dozada gübrələnən ağaclardır. Ağacın gövdəsindən və budaqlarından sarımtıl-palıdı rəngli kitrə axır və bu şirə kütləsi sonradan şüşəvari şəkildə bərkiyir. Xroniki olaraq axan kitrə bitkini zəiflədir, budaqların və hətta bütün ağacın məhvinə gətirib çıxara bilir.
Hommoz xəstəliyinin ən çox yayılmış səbəblərindən biri də qabığın zədələnməsidir. Qabığın zədələnməsi nəticəsində müxtəlif xəstəlik törədiciləri və həşəratlar şirə vasitəsilə bitkiyə dərindən nüfuz edə bilər ki, bu da vəziyyəti daha da ağırlaşdırır və bitkini zəiflədir. Bitki bu zaman daha çox şirə ayırmağa çalışır və vaxtında tədbirlər görülmədikdə bitki məhv olur.


Mübarizə tədbirləri və profilaktika:


Qatran (şirə) axan gövdə hissəsi sağlam toxuma ilə birlikdə dezinfeksiya edilmiş kəsici alətlə kəsilir, çatlarda qalan qatran oradan diqqətlə təmizlənib çıxarılır;
Təmizlənmiş hissələr 1%-li mis sulfat məhluluna batırılmış süngər ilə yaxşıca dərmanlanır. 2 gün sonra mis kuporosu ilə dərmanlanmış yerlər yenidən dərmanlanır. Əgər bitkidəki qatran böyük hissədən təmizlənibsə, bağ binti ilə sarğı qoyulur.


Kitrənin müalicəsi ilin istənilən isti vaxtında aparıla bilər. Payızın sonlarına yaxın, eləcə də qışda aşağı temperaturda bu iş icra olunmur. Çünki yara qurumağa və böyüməyə vaxt tapmaya bilər ki, bu da qışda həmin bitkinin donmasına səbəb olur.
Vaxtında budama işinin aparılması xəstəliklərin qarşısını almağa kömək edir.
Bitkinin stresə davamlılığını artırmaq və keyfiyyətini yaxşılaşdırmaq üçün azot gübrələrinin normadan artıq verilməsinə, eləcə də əlavə gübrələmənin lazımından artıq aparılmasına yol vermək olmaz.
Bitkinin köhnə qabığını soymaq və zədələmək olmaz. Çünki bu gövdənin alt təbəqələri üçün etibarlı qorunmadır və donmanın qarşısını alır.

 



Agrolab © 2024 Bütün hüquqlar qorunur.