Agrolab

Bizimlə əlaqə

close

Kartof bitkisində rizoktonioz (qara dəmgil) xəstəliyi

Kartof bitkisində rizoktonioz (qara dəmgil) xəstəliyi

  • 22-12-2022

  • Şərhlər

Rizoktonioz soluxma  (qara dəmgil )  xəstəliyi kartofun ən zərərli və geniş yayılmış xəstəliklərindən biridir.

Xəstəliyin törədicisi Rhizoctonia solani  torpaq mənşəli göbələk olub, torpaqda sklerosiya halında qışlayır. Rizoktonioz bitkinin ilk cücərtilərini, gövdəsini, kökünü və yumrularını bütün vegetasiya dövrü yoluxdurur.  Xəstəliyin zərərlilik dərəcəsi əksər hallarda ətraf mühit amillərindən, torpaqda və toxum materialında olan yoluxmanın səviyyəsindən və gövdə yumrularının əkilmə sıxlığından asılıdır. Xəstəliyin inkişafı üçün optimal torpaq temperaturu təxminən 17 °C, rütubət 60-70% -dir.

Ağır (gilli) torpaqlar törədicinin artması üçün yaxşı şərait yaradır. Rizoktonioz pH 5.5-6.5 aralığında yaxşı inkişaf etdiyinə dair sübutlar var ki, bu da kartofun böyüməsi üçün optimal turşuluqla üst-üstə düşür.

Xəstəlik kartof yumrularının əmtəəlik keyfiyyətini aşağı salır. Xəstəlik yumruların cücərməsi və çıxışı dövründə daha təhlükəlidir. Belə ki göbələk yeni əmələ gəlmiş cücərtilərin üzərində inkişaf edərək onların çürüməsinə və məhv olmasına səbəb olur. Cücərtilər rütubətli şəraitdə əmələ gəldikdə xəstəliyin inkişafı sürətlənir. Ümumiyyətlə, yağıntılı illərdə xəstəliyin inkişafı daha intensiv xarakter alır. Xəstəliyin başlıca əlaməti cücərtilərin yoluxması, onlarda qonur ləkələrin əmələ gəlməsi, cücərtilərin, kök və kök boğazının torpağa yaxın hissələrin ağımtıl-boz rəngdə örtüklə örtülməsidir. Bu prosesin nəticəsində məhsuldarlıq 15-20%, bəzi hallarda  isə 30-40% azalır.

Kartof yumruları üzərində qara ləkələrin əmələ gəlməsi xəstəliyin spesifik əlamətidir. Odur ki, çox zaman bu xəstəlik “qara dəmgil” adlandırılır.

Aqrotexniki tədbirlər sırasında növbəli əkinlərin tətbiqi çox səmərəlidir. Kartof üçün ən yaxşı sələf bitkilər yonca, dənli paxlalılar, taxıl bitkiləridir. Yerkökü və çuğundurun sələf kimi istifadə olunması məsləhət deyil. Kartofun eyni sahədə bir neçə il becərilməsi torpağın Rizoktoniozla tam çirklənməsinə səbəb olur. Odur ki, bu xəstəliklə yoluxmuş torpaqlara 3-4 ildən sonra kartof əkilə bilər. Torpaqda Rhizoctania solani göbələyinin ziyanvericilik həddini müəyyən etmək üçün torpağın fitoekspertizası analizi icra edilməlidir. Analiz nəticəsində göbələyin torpaqdakı miqdarı müəyyən edilir. Torpaqda törədicinin əhəmiyyətli dərəcədə zərər verdiyi ziyanvericilik həddi 100 qr. torpaqda 1 koloniya hesab edilir.

Əkindən əvvəl xəstə toxumlar seçilərək ayrılmalı, əkin məqsədi ilə xəstəliyə davamlı sortlardan istifadə edilməlidir. Xəstəliyin yayılması yumrularla (əkin materialı ilə) baş verdiyi üçün səpindən qabaq toxumluq material laboratoriyada Fitoekspertiza edilməlidir. Yumrularda xəstəliyə səbəb olan göbələk aşkarlanarsa kartoflar dərmanlanmalıdır.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.