Agrolab

Bizimlə əlaqə

close

Peyin tətbiqi zamanı diqqət edilməli məqamlar

Peyin tətbiqi zamanı diqqət edilməli məqamlar

  • 31-03-2026

  • Şərhlər

Fermerlər arasında geniş yayılmış bir yanaşma mövcuddur: “Peyin təbiidir, analizə ehtiyac yoxdur.” Lakin təcrübədə ən çox problemlər məhz buradan başlayır. Çünki peyin yalnız qida mənbəyi deyil, eyni zamanda torpağa daxil olan canlı bir mühitdir. Bu mühitin tərkibində isə arzuolunmaz orqanizmlər də mövcud ola bilər. Buna görə də peyin ilk növbədə qida elementlərinə görə deyil, zərərli orqanizmlərin, xüsusilə nematodların mövcudluğuna görə laboratoriyada yoxlanılmalıdır.
 
Nematodlar gözlə görünməsə də, təsirləri ciddi olur. Onlar bitkilərin kök sisteminə daxil olaraq zəifləməyə səbəb olur, su və qida maddələrinin mənimsənilməsini azaldır. Nəticədə bitkinin inkişafı ləngiyir və bu hal çox zaman yanlış olaraq qida çatışmazlığı və ya su problemi ilə əlaqələndirilir. Halbuki problemin mənbəyi torpağın daxilindədir. Ən böyük risk isə yoluxmuş peyinin sahəyə tətbiqi zamanı yaranır. Bu halda fermer faktiki olaraq gübrə deyil, zərərverici yaymış olur.
 
Bu cür vəziyyətlər əsasən peyinin təzə və ya tam çürüməmiş halda istifadəsi nəticəsində yaranır. Bəzi hallarda heyvanlar yoluxmuş ərazilərdə qidalanır və zərərli orqanizmlər peyində qalır. Əgər peyin kifayət qədər fermentasiya olunmayıbsa, nematodlar burada yaşamağa davam edə bilər. Bu baxımdan “yanmış peyin” anlayışı təsadüfi deyil — belə peyin həm qida dəyərinə, həm də təhlükəsizlik göstəricilərinə görə daha üstün hesab olunur.
 
Payız gübrələməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Payız mövsümündə verilən peyin torpaqda təbii bioloji prosesləri aktivləşdirir. Qış aylarında temperatur dəyişiklikləri və mikroorqanizmlərin fəaliyyəti nəticəsində peyin tədricən parçalanır, zərərli orqanizmlərin böyük hissəsi isə zəifləyir və ya məhv olur. Yaz mövsümünə qədər torpaq həm qida maddələri ilə zənginləşir, həm də daha təhlükəsiz vəziyyətə gəlir.
 
Bununla belə, bəzi hallarda payızda gübrələmə mümkün olmur. Belə vəziyyətlərdə yazda peyin tətbiqinə icazə verilir, lakin bu zaman daha ciddi nəzarət tələb olunur. Əsas şərt peyinin tam çürümüş olmasıdır. Təzə peyinin yazda istifadəsi bitkilərin zəifləməsinə və zərərli orqanizmlərin yayılmasına səbəb ola bilər. Peyinin keyfiyyəti ilə bağlı şübhə yarandıqda, onun laborator analizdən keçirilməsi tövsiyə olunur. Xüsusilə tərəvəz sahələrində, istixanalarda və yeni salınmış bağlarda nematod infeksiyasının qarşısını almaq olduqca vacibdir, çünki sonradan mübarizə aparmaq çətin və uzunmüddətli prosesə çevrilir.
 
Yaz tətbiqi zamanı peyinin torpağa düzgün qarışdırılması da vacib şərtlərdən biridir. Peyinin səthdə qalması həm effektivliyi azaldır, həm də risk yaradır. Bundan əlavə, tətbiqdən sonra dərhal əkin aparmaq tövsiyə edilmir. Ən azı 2–3 həftə müddətində torpaqda ilkin bioloji proseslərin baş verməsinə şərait yaradılmalıdır.
 
Nəticə etibarilə, peyinin istifadəsi ilə bağlı yanaşma diqqətli və məsuliyyətli olmalıdır. Peyin düzgün tətbiq edildikdə yüksək fayda verir, lakin nəzarətsiz istifadə uzunmüddətli problemlərə səbəb ola bilər. Bu səbəbdən fermerlər peyinə sadəcə gübrə kimi deyil, torpağa daxil olan “canlı sistem” kimi yanaşmalıdır. Əsas sual isə belə olmalıdır: “Bu peyin torpağa nə gətirir?” Əgər cavab dəqiqdirsə — nəticə də yaxşı olacaq.

 

Gülnarə Abbasova  - Aqronom konsultant



Agrolab © 2024 Bütün hüquqlar qorunur.