Payızda torpaqdan nümunə götürmənin düzgün üsulları
-
06-10-2025
-
Şərhlər
Torpaq analizi üçün nümunələrin düzgün götürülməsi nəticələrin etibarlılığı baxımından əsas mərhələlərdən biridir. Xüsusilə payız mövsümündə torpaq artıq məhsul dövrünü başa vurduğuna görə, onun real qida maddəsi balansını müəyyənləşdirmək üçün bu dövr ən əlverişli zamandır.
Nümunə götürülməsi zamanı ilk növbədə sahənin eyni torpaq və bitki xüsusiyyətlərinə malik olmasına diqqət edilməlidir. Əgər sahə qeyri-bərabər relyefə və ya fərqli əkilərə malikdirsə, bu hallarda hər hissədən ayrıca nümunə götürülməsi tövsiyə olunur.
Əkin sahələri üçün:
Birillik tarla bitkiləri üçün nümunələr ziqzaq üsulu ilə seçilmiş nöqtələrdən götürülür. Hər 2–5 hektardan bir neçə nöqtədən 0–30 sm dərinlikdən torpaq nümunələri alınaraq qarışdırılır və bir ortaq nümunə hazırlanır.
Bağ sahələri üçün:
Bağlarda nümunə “zərf” və ya “ziqzaq” üsulu ilə üç dərinlikdən götürülür:
0–30 sm;
30–60 sm;
60–90 sm.
Zərf üsulunda bağ beş nöqtəyə – dörd künc və orta hissəyə bölünür. Hər nöqtədən götürülən nümunələr dərinliklər üzrə ayrıca qarışdırılaraq birləşdirilir və analiz üçün laboratoriyaya təqdim edilir.
Nümunələr qarışdırılarkən yalnız eyni dərinlikdə olan torpaqlar birləşdirilməlidir. Müxtəlif dərinliklərdəki torpaq nümunələrinin qarışdırılması nəticələrin dəqiqliyini azaldır.
Düzgün götürülmüş torpaq nümunəsi laborator analizinin nəticələrini etibarlı edir, torpağın qida maddələri balansını müəyyənləşdirməyə və gələcək gübrələnmə planını optimallaşdırmağa imkan yaradır.