Agrolab

Bizimlə əlaqə

close

Arpa və buğdada toxumla keçən xəstəliklər

Arpa və buğdada toxumla keçən xəstəliklər

  • 13-10-2025

  • Şərhlər

Arpa və buğda bitkilərində xəstəliklərin qarşısının alınmasında mübarizə tədbirləri əsas rol oynayır və bu zəncirin ən vacib mərhələlərindən biri toxumun dərmanlanmasıdır. Toxumla aparılan mübarizə sahədə aparılan mübarizə tədbirlərinə nisbətən daha qənaətcil və səmərəlidir, çünki xəstəliyin ilk mərhələdə qarşısını almaq onun sonrakı mərhələlərdə yayılmasının qarşısını alır.     

                                                                                                                                                                                   

Toxumlar bitkilərin çoxalmasında və məhsuldarlığın təmin olunmasında əsas rol oynayır. Lakin toxumlar sağlam olmadığı halda, gələcəkdə becəriləcək bitkilər üçün xəstəlik mənbəyinə çevrilə bilər. Bu cür xəstəliklərə toxum mənşəli və ya toxumla yayılan xəstəliklər deyilir.

Göbələk mənşəli xəstəliklərin törədiciləri toxuma iki əsas formada yoluxa bilər:
1.Toxumun səthində (epidermisində) - Ekzogen yoluxma zamanı göbələk sporları toxumun səthində, yəni epidermis qatında yerləşir. Bu tip yoluxma adətən xarici mühitdən — yoluxmuş torpaqdan, bitki qalıqlarından və ya saxlama zamanı digər toxumlardan keçir.  
2.Toxumun daxilində (endosperm və ya rüşeym hissəsində) - Digər tərəfdən, endogen yoluxma zamanı patogen toxumun daxili strukturlarına, xüsusilə də endosperm (qidalandırıcı toxuma) və rüşeym (gələcək bitkinin ilkin forması) hissələrinə daxil olur. Bu tip yoluxma bitkinin hələ sahədə inkişaf etdiyi dövrdə baş verir — göbələk sünbül dövründə dənə daxil olur və orada inkişaf edərək toxumun bir hissəsinə çevrilir. Toxumla yayılan əsas 6 xəstəlik vardır: Alternarioz, Fusarioz, Septorioz, Helminstoporioz və Sürmə xəstəlikləri.

Alternarioz - buğda və arpa üçün təhlükəli olan, toxum mənşəli göbələk xəstəliklərindən biridir. Xəstəliyin törədiciləri əsasən Alternaria alternata və Alternaria tenuissima növləridir. Toxumun səthində və ya daxilində Alternaria göbələyinin yayılması əsasən yoluxmuş toxumlar, külək, su və yoluxmuş bitki qalıqları vasitəsilə baş verir. Alternariozun inkişafı üçün optimal temperatur 20–25°C və yüksək rütubətdir (85%-dən yuxarı). Alternarioz bitkilərin inkişafını ləngidir, məhsuldarlığı azaldır və xəstə toxumların sahəyə düşməsi ilə gələcək illər üçün yoluxma riski yaradır. Alternaria cinsinə aid göbələklər bitkiyə daha çox sünbülləmə və dənlərin yetişmə fazasında yoluxur. Yarpaqlarda tünd-qəhvəyi və ya qara ləkələr əmələ gəlir, sünbüllərdə və dənlərdə isə qara mitsel örtüyü müşahidə olunur. Yoluxmuş dənlər solğun, kiçik və zəif inkişaf edir ki, bu da məhsuldarlığın azalmasına və növbəti illərdə infeksiya riskinin artmasına səbəb olur.

Fusarioz - Fusarioz buğda və arpa toxumlarında geniş yayılmış və ciddi məhsul itkilərinə səbəb olan göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəliyin törədiciləri əsasən Fusarium graminearum,  Fusarium oxysporum növləridir. Fusariozun inkişafı üçün optimal şərait 22–28°C temperatur və yüksək (85–100%) nisbi rütubətdir. Xəstəlik xüsusilə yağışlı havalarda və torpaqda suyun yığıldığı ərazilərdə daha fəal inkişaf edir. Fuzarioz xəstəliyi buğda və arpa bitkilərində iki əsas mərhələdə yoluxma göstərə bilər. Birinci yoluxma toxumla baş verir və cücərmə dövründə fidanların kök və gövdə nahiyələrini zədələyir, nəticədə fidanların inkişafı zəifləyir. İkinci yoluxma isə bitkinin vegetasiya dövründə, xüsusilə sünbül çıxarma və çiçəkləmə fazasında baş verir. Bu mərhələdə göbələk sporları sünbülə daxil olaraq dənlərin zəif və zədələnmiş şəkildə inkişaf etməsinə səbəb olur. Yoluxma nəticəsində dənlər kiçik, zəif inkişaf etmiş və bəzən narıncı, çəhrayı və ya ağ rəngdə mitsel örtüyü ilə örtülür. Sünbül fuzariozu zamanı sünbül hissə-hissə və ya tamamilə solur. Gecikmiş halda sünbüllər qismən boş, qeyri-bərabər inkişaf etmiş və dənlər isə çürüməyə meyilli olur.

 

Septorioz - Septorioz xəstəliyinə səbəb olan göbələklər Septoria cinsinə aiddir, ən çox rast gəlinən növü Septoria tritici (buğdada). 15–25°C arasında sürətlə inkişaf edir. Yüksək hava rütubəti (90% və yuxarı) və yağışlı hava şəraiti sporların yayılması və fəallaşması üçün vacibdir. Septorioz göbələyi sporlar vasitəsilə hava və yağış damcıları ilə yayılır. Bitkinin əsasən yarpaq səthinə qonur,  yarpaq toxumasına daxil olur və burada inkişaf etməyə başlayır. Bu mərhələdə göbələk sporları sünbül üzərinə düşərək, toxumun səthinə və daxili toxum hüceyrələrinə daxil olur. Göbələk vegetasiya dövründə bir neçə nəsil verə bilər. Yoluxma əsasən erkən vegetasiya mərhələsində başlayır, amma simptomlar yarpaqların inkişaf etdiyi mərhələlərdə daha aydın görünür. İlk simptomlar alt yarpaqlarda, uzunsov formalı xlorotik (sarı) ləkələr şəklində yaranır. Bu ləkələr zamanla qəhvəyi və ya boz rəng alır. Ləkələrin mərkəzində qaranlıq nöqtələr — piknidilər (göbələyin sporla dolu orqanları) müşahidə olunur. Bu, Septorioz üçün ən tipik vizual əlamətdir. Ləkələr tədricən birləşir və böyük sahələri əhatə edir, nəticədə yarpaq quruyur. Xəstəlik yuxarı yarpaqlara doğru inkişaf etdikcə fotosintez zəifləyir və məhsuldarlıq azalır. Ağır yoluxma zamanı sünbül tam quruyur və dənlər zəif inkişaf edir.

 

Helmintosporioz - buğda və arpa da daxil olmaqla dənli taxıllarda geniş yayılmış, iqtisadi cəhətdən zərərli göbələk xəstəliyidir. Xəstəliyin əsas törədicisi Bipolaris sorokiniana olub, həm toxum, həm də torpaq mənşəli infeksiya ilə yayılır. Göbələk 20–30 °C, xüsusilə 25–28 °C temperaturda və yüksək (90% və yuxarı) rütubətdə fəal inkişaf edir. Patogen torpaqda, yoluxmuş toxumlarda və bitki qalıqlarında uzun müddət canlı qala bilir. Konidiyalar toxum cücərdikdə aktivləşərək ilkin infeksiya mənbəyinə çevrilir və bitkinin yarpaq, kök və dən hissələrinə nüfuz edir. Xəstəlik əsasən cücərmə və erkən vegetasiya mərhələlərində başlayır. Yarpaqlarda əvvəlcə sarımtıl və ya qəhvəyi, uzunsov ləkələr əmələ gəlir,sonradan birləşərək nekrotik sahələrə çevrilir. Ləkələrin üzərində qara piknidilər əmələ gəlir və yeni sporlar yayılır. Bu, fotosintezin zəifləməsinə, məhsuldarlığın azalmasına gətirib çıxarır. Yoluxmuş dənlər boz-qəhvəyi və ya tünd rəngli olur, cücərmə hissəsində qaralma müşahidə edilir. Saxlama zamanı yüksək rütubət göbələyin inkişafını daha da artırır, dənin səthində tünd rəngli örtük və spor tozu əmələ gəlir.

 

Sürmə xəstəlikləri (Tilletia spp.)- Sürmə xəstəlikləri buğdanın ən geniş yayılmış toxum mənşəli göbələk xəstəliklərindəndir. Əsas törədicilər Tilletia caries (adi sürmə) və Tilletia controversa (daş sürmə) olub, Basidiomycota şöbəsinə və Tilletiaceae ailəsinə aiddir. T. caries mülayim iqlim zonalarında, T. controversa isə daha çox soyuq və rütubətli bölgələrdə yayılmışdır. Adi sürmə üçün optimal temperatur 15–24 °C, daş sürmə üçün isə 5–18 °C-dir. Hər iki patogen üçün yüksək rütubət (80–90%) infeksiyanın inkişafına şərait yaradır.


Adi sürmə əsasən toxum səthi ilə yayılır. Teliosporlar toxumun səthində və torpaqda uzun müddət qala bilir. Cücərmə zamanı sporlar aktivləşir və çiçək borusuna daxil olaraq infeksiya yaradır. Nəticədə dən toxuması məhv olur, yerində qara rəngli teliospor kisəcikləri əmələ gəlir və balıq qoxusu yaranır. Yoluxmuş sünbüllər solğun və zəif inkişaf edir, məhsulun kütləsi və keyfiyyəti azalır. 


Daş sürmə zamanı teliosporlar həm toxum səthi, həm də torpaq vasitəsilə yayılır. Sporlar torpaqda cücərərək infeksiya formasına keçir və çiçəkləmə mərhələsində bitkiyə daxil olur. Dənlər tam məhv olur və yerində bərk, daş kimi sürmə kisəcikləri əmələ gəlir. Bu kisəciklər dənlə sıx birləşdiyi üçün xəstəlik “daş sürmə” adını almışdır. Yoluxmuş sünbüllər zəif inkişaf edir, məhsul itkisi yüksək olur, toxumun keyfiyyəti isə kəskin şəkildə azalır. 


Sürmə xəstəlikləri (Ustilago)- Arpada əsas sürmə xəstəlikləri Ustilago nuda (çılpaq sürmə) və Ustilago hordei (bərk sürmə) törədiciləri ilə yaranır. Hər iki göbələk Basidiomycota şöbəsinə, Ustilaginaceae ailəsinə aiddir. U. nuda əsasən soyuq və rütubətli, U. hordei isə mülayim iqlim şəraitində geniş yayılmışdır. 


Çılpaq sürmə (Ustilago nuda) zamanı yoluxma toxumun daxili hissəsində — embrio mərhələsində baş verir. Toxum səthi sağlam görünsə də, göbələk mitselisi toxum daxilində inkişaf edir. Əkin zamanı patogen aktivləşir, bitki ilə birgə inkişaf edir və çiçəkləmə mərhələsində dənlərin yerində qara toz halında teliosporlar əmələ gətirir. Xəstəliyin optimal inkişaf temperaturu 15–22 °C-dir. Sporlar hava vasitəsilə asan yayılır və sahədə yeni yoluxma mənbə yi yaradır. 


Bərk sürmə (Ustilago hordei) isə əsasən toxumun səthi ilə yayılır. Sporlar əkilmə zamanı cücərərək bitkiyə daxil olur və vegetasiya dövründə, xüsusilə sünbül çıxarma və çiçəkləmə mərhələsində aktivləşir. Yoluxmuş sünbüllərdə dənlər bərk, bir-birinə yapışmış spor kisəcikləri ilə əvəz olunur. Bu səbəbdən xəstəlik “bərk sürmə” adlanır. Sporlar külək və toxum vasitəsilə yayılaraq məhsuldarlığı və toxum keyfiyyətini azaldır.

Nəticə
Buğda və arpa toxumlarında yayılmış Fusarioz, Septorioz, Helmintosporioz və sürmə xəstəlikləri ölkəmizdə və dünyada məhsuldarlığa ciddi təsir göstərən əsas fitopatoloji problemlərdəndir. Bu xəstəliklər toxum, torpaq və bitki qalıqları vasitəsilə yayılaraq həm məhsulun miqdarını, həm də keyfiyyətini azaldır. Törədicilərin inkişafı üçün əlverişli şərait əsasən yüksək rütubət və mülayim temperaturdur. Mübarizə tədbirləri vaxtında və düzgün həyata keçirilmədikdə xəstəliklər geniş yayılaraq böyük iqtisadi zərərlərə səbəb ola bilər.

Xəstəliklərə qarşı effektiv mübarizə aparmaq üçün profilaktik tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
1) Əsasən sağlam toxumdan istifadə olunmalı, toxumlar əkin qabağı sistemik və kontakt təsirli fungisid preparatlarla (məsələn: tebukonazol, fludioksonil, karboksin) işlənməlidir. 
2)Növbəli əkin sistemi tətbiq olunmalı, sahədə qalmış yoluxmuş bitki qalıqları tamamilə məhv edilməlidir. Eyni zamanda, müqavimətli sortlardan istifadə, optimal səpin norması, düzgün torpaq becərilməsi və sahənin yaxşı havalanması kimi aqrotexniki tədbirlər də xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Yığım sonrası mərhələdə toxumların düzgün qurudulması və saxlanma şəraitinə nəzarət də vacibdir. Bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi buğda və arpa toxumlarında göbələk mənşəli xəstəliklərin yayılmasının qarşısını effektiv şəkildə almağa imkan verir.
3) Taxıl bitkilərində (arpa və buğda) xəstəliklərin effektiv nəzarət altına alınması üçün azol qrupuna aid sistem təsirli fungisidlərin tətbiqi məqsədəuyğundur. Eyni zamanda, torpaq mənşəli zərərvericilərə qarşı yüksək selektivliyə malik neonikotinoid təsir mexanizminə sahib (məsələn, imidoxloropirid tərkibli) insektisidlərin istifadəsi bitkinin ilkin inkişaf mərhələsində zərərin minimuma endirilməsində mühüm rol oynayır.

Ələkbərova Aygün - Fitopatoloq-laborant



Agrolab © 2024 Bütün hüquqlar qorunur.