Agrolab

Bizimlə əlaqə

close

Xəstəlik və zərərvericilərə qarşı mübarizə

Xəstəlik və zərərvericilərə qarşı mübarizə

  • 29-03-2024

  • Şərhlər

Taxıl məhsulları heyvandarlıq və quşçuluğun əsas yem bazasıdır. Bununla bərabər, taxıl istehsalının strateji əhəmiyyəti daha böyükdür. Belə ki, ölkənin ərzaq təhlükəsizliyi həm də onun milli təhlükəsizliyinin tərkib hissəsidir. 
Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir. Lakin təəssüf doğuran budur ki, ölkədə taxıl istehsalı üzrə həmişə istənilən nəticələr əldə olunmur. Belə ki, təsərrüfatlarda hər il xəstəliklərin, zərərvericilərin və alaq otların taxıl bitkilərinə vurduğu ziyan onların məhsuldarlığının 30-35%-nin itirilməsi ilə nəticələnir.
Arpa və buğda bitkisinin vegetasiya dövründə xəstəlik və zərərvericilərə qarşı fevral-mart ayından başlayaraq kimyəvi mübarizə tədbirlərinə başlanılmalıdır. Göbələk xəstəliklərinə qarşı funqisidlərdən istifadə olunmalıdır. Funqisidlər göbələk patogenlərinin böyüməsinə və ya inkişafına maneə törədən kimyəvi maddələrdir. Təəssüf ki, bəzi növ göbələk xəstəlikləri funqisidlərə davamlı ola bilər. Bu, eyni funqisid müalicəsinin təkrar istifadəsindən sonra davamlı göbələklərin sağ qalması və yayılması nəticəsində yaranan təkamül prosesidir. Bunun üçün eyni qrupa aid funqisidlərdən təkrar istifadə olunmamalıdır.
Vegetasiya dövründə xəstəliklərə qarşı istifadə edilən funqisidlər təsir etmə mexanizminə görə iki qrupa bölünür: qarşılayıcı (profilaktik) xarakterli maddələr və müalicə funqisidləri.
Qarşılayıcı (profilaktik) xarakterli maddələr. Profilaktik tədbirlər xəstəliklərin bitkilərə sirayət etməzdən əvvəl bitki üzərində mühafizə təbəqəsi yaratmağa yönəldilmişdir. 
Müalicə funqisidləri. Bu qrup preparatlar müalicə məqsədi ilə istifadə edilən funqisidlər patogenin bitkilərin tərkibinə daxil olmasından dərhal sonra tətbiq edildikdə daha yaxşı səmərə verir. Patogenin bitki daxilinə sirayət etməsindən uzun müddət keçdikdə müalicə məqsədi ilə tətbiq edilən preparatların səmərəsi az olur. 
Zərərvericilərə qarşı isə insektisidlərdən istifadə olunur. Qış sərt keçən illərdə zərərvericilər diapauzaya gedir. Havalar qismən mülayimləşən kimi onlar diapauzadan çıxaraq payızlıq taxıl əkinlərinə güclü ziyan vurmağa başlayır. Mart ayından başlayaraq zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılmalıdır. Zərərvericilərlə mübarizə aparan zaman əsas diqqət olunmalı məqam zərərvericinin hansı inkişaf dövründə olmalarıdır. Əsasən, payızlıq taxıl əkinlərində zərərvericinin sürfə mərhələsində kimyəvi mübarizə aparmaq məsləhətdir. Bu zaman kimyəvi mübarizənin səmərəliliyi 90-95% olur.



Agrolab © 2024 Bütün hüquqlar qorunur.