Agrolab

Bizimlə əlaqə

close

Sitrus bitkilərində hisli kif xəstəliyi

Sitrus bitkilərində hisli kif xəstəliyi

  • 20-12-2021

  • Şərhlər

Sitrus limon, portağal, naringi, pomeranes, qreypfrut, sitron, laym, berqamot və s. kimi növləri vardır. Sitruslar atmosferə zərərverici mikroorqanizmlərin böyüməsini və inkişafını ləngidən bioloji aktiv maddə-fitonsid ifraz edərək ətrafdakı havanı saflaşdırır. A, P, C, B qrup vitaminləri, Fe, P, K, Ca, Mg kimi elementlər ilə zəngin bu meyvə üçün uyğun bölgə, yayı  25-28 °C, qışı isə  5-10 °C, sutkanın 12 saatı günəşli keçən, havanın rütubəti isə 70-75%, torpağı zəif turş və neytral olan regionlardır. 
 
Sitruslar əsasən hündür olmayan güclü ağac və ya  3-6 metrlik kollardır. Bəzi sortlara yaxşı qulluq olunarsa, daha hündür ola bilir belə ki, portağal 12 metr, qreypfrut isə 15 metr hündürlüyə kimi ucala bilir. Sitruslar həmişə yaşıl bitkidir, qida maddələrinin əsas hissəsi yarpaqda toplandığı üçün yarpaq qida maddələrinin deposu rolunu oynayır və meyvə ağaclarından fərqli olaraq qışda yarpaqlarını tökmür. Eyni zamanda çoxlu miqdarda yeni, fizioloji olaraq aktiv yarpaqlar ağacın sağlam və inkişafının normal olmasının göstəricisidir. Bir yarpağın ömrü orta hesabla 2,5-3 ay olur və yaşlandıqda yenisi ilə əvəz olunur, cavan yarpaqlar açıq yaşıl, yaşı 2 ilə yaxın olan yarpaqlar isə tünd yaşıl rəngində olur. Defisit və digər problemlərin səbəbindən ağacda yarpaqların kütləvi tökülməsi gələcəkdə ağacın böyümə və bar verməsinə mənfi təsir göstərir.
 
Bitkinin inkişafı dövrü  aktiv və qeyri aktiv (dinclik) fazasından ibarətdir. Orta sutkalıq temperatur 10°C-12°C olduqda sitrus inkişafın aktiv fazasına keçərək yeni yarpaq və budaqlar əmələ gətirməyə başlayır, 1°C-9°C sitruslar qeyri-aktiv fazaya keçir və bu dövrdə yalnız gövdə oduncaqlaşır.
Əksər bitkilərin kökündə torpaqda olan su və suda həll olan maddələri mənimsəmək üçün kök tükcükləri var, lakin sitrus ağacının kökündə belə tükcüklər mövcud deyil. Sitruslarda bu funksiyanı nazik köklərin ucunda göbələk mitselisindən ibarət qalınlaşmalar göbələk kökləri və ya mikoriza yerinə yetirir. Sitrusun vəziyyəti bir başa mikorizadan asılı olur, mikoriza özünü yaxşı hiss etdikdə bitki də özünü yaxşı hiss edir və ya əksinə. Torpaq göbələyi və sitrusun cavan kökləri arasındakı bu simbioz əlaqə - mikoriza portağalda həyatının ilk günlərində, digər sitruslarda isə tədricən kök tükcüklərini əvəz edir. Mikoriza ətraf mühit şəraitinə: quraqlıq, havasızlıq və temperatur dəyişməsinə çox həssasdır, uzun sürən quraqlıq, 50°C–dən yuxarı və -7°C-dən aşağı temperaturlarda, gübrənin izafiliyi səbəbindən məhv ola bilir.
 
Meyvə çiçək mayalanmasından 6-9 ay sonar yetişir, butonizasiya üçün optimal hava şəraiti 16°C-18°C, rütubət 75 % hesab olunur. Sitrusların içərisində limon daha istilik sevən növüdür belə ki, 0°C-də güclü zərər görür, -3°C isə təmamilə məhv olur. Digər sitruslar daha dayanıqlıdır portağal -8,5°C..-9 °C, naringinin “Unişu” sortu -12°C məhv olur.
Bitki aktiv fazaya keçdikdə daha çox azotlu (30-40 %) gübrələrə, çiçəkləmə və meyvə əmələ gətirmə zamanı isə kalium və fosforlu gübrələrə ehtiyyac duyur. Qeyri-aktiv fazada bitkiyə gübrənin verilməsini azaldılması və ya dayandırılması tövsiyə olunur.
 
Hisli kif xəstəliyi - Sooty Mold
 
Törədicilər: Capnodium, Fumago, Scorias Antennariella, Aureobasidium, Fumiglobus Limacinula  
 İstənilən bitki xəstəliyinin dəqiq diaqnozu üçün, laboratoriyalara nümunə təqdim edilməlidir. Xəstəliklə mübarizənin vaxtında effektiv aparılması üçün xəstəliyin ilk əlamətləri görünən zaman bitkinin kompleks analizi aparılmalıdır. Hal-hazırda sitrus meyvələrində ölkəmizdə ən çox rastlanan “Hisli kif xəstəliyi”- dir. Hisli kif göbələkləri bitkinin yarpaq, gövdə və ya meyvəsinin üzərini örtən  qara toz şəklində göbələklərdir. His göbələkləri ziyansız olub meyvəyə nüfuz etməyərək yalnız qabığında yayılır, belə meyvəni fırça və ya dəsmal ilə təmizlədikdə his rahat təmizlənir. Meyvənin dad keyfiyyətində heç bir dəyişiklik etmədiyindən yeməyə yararlı olduğu üçün ciddi xəstəlik hesab olunmur. Lakin yarpaqlar üzərində güclü yoluxma zamanı göbələk mitselisi günəş şüalarını bloklayaraq fotosintez prosesini ləngidir bu səbəbdən  bitki inkişafdan qalır. Belə yarpaqlar vaxtından qabaq qocalaraq tökülür. Göbələk sporları hava-su damcıları vasitəsilə ilə ətrafa yayılır. 
 
Hisli kif göbələkləri hər zaman bitkinin güclü həşərat yoluxması fonunda ikincili olaraq inkişaf edir. Göbələklər minelayer, bit, birəcik, mənənə, yastıca, trips, ağ milçək, unlu qurd  kimi həşəratların meyvə və yarpaq ilə qidalanarkən həzm edə bilmədikləri şirənin üzərində inkişaf edərək çoxalır. Bu səbəbdən birincili mübarizə tədbiri olaraq həşəratlara qarşı sistem insektisidləri ilə işlənmə aparılmalıdır. Zərərverici həşaratlarda rezistenlik (öyrəşmə,dayanıqlıq) yaranmaması üçün işlənməni 2 növ preparatlar ilə növbəli aparmaq lazımdır, həşaratların sayı az olarsa sabunlu məhluldan da istifadə etmək olar. Zərərvericilər məhv olduqdan sonra his göbələkləri tədricən azalır, yoluxma faizi çox olarsa,  fungisid istifadə olunur. 
Əgər hisi fırça ilə təmizləmək olmursa və qara qabıq meyvənin içərisinə nüfuz edibsə bu daha ciddi bir problem olduğunu xəbər verir . Belə hallarda təcili olaraq mütəxəssislərə müraciət etmək lazımdır!


Agrolab © 2024 Bütün hüquqlar qorunur.